TENBELSEN?
Tənbəl həmişə yorğundur və dincəlməyə ehtiyacı var. Nə vaxt bir iş üçün ayağa qalxmaq lazım gəlsə, əvvəlcə bir az oturub üzərindəki “ağırlığın” keçməsini gözləyir. Ona görə də işlərini təxirə salmaq onun üçün adi bir haldır. Və “bu gün-sabah” deyə-deyə ömrünü xərcləməklə məşğuldur.
Günəşin ilk işıqları düşəndə tənbəl həmişə yorğanın altında olur. Onun üçün səhər yoxdur. Ona görə də günləri faydasız və bərəkətsizdir. Özünü təmizə çıxarmaq üçün həmişə bəhanəsi var. “Yemək bişirə bilmədim, çünki uşaq çox ağladı”, “Bunu belə edəcəkdim, ancaq bu yox idi”...
Onun dilində “çünki”lər, “ancaq”lar tükənmir...
Bəzən sözlərinə aldanıb həqiqətən də çarəsiz olduğuna inanmaq istəyirsiniz. Ancaq hərəkətləri o qədər ağır, oturub qalxmağı o qədər yavaşdır ki, axırda son qərarınızı verirsiniz: Yox, yox, o sadəcə olaraq tənbəldir...
Tənbəlin bütün ümidi sabahadır. Qoy bu gün bir az dincəlsin, necə olsa, sabah görəcək bu gün görə bilmədiyi bütün işləri... Sabah olanda da ümidlər o biri günə qalır. Hər günün özünə görə bir işi olduğunu, ömür dediyimiz şeyin bizə çox az vaxt verdiyini heç cür anlamaq istəmir. Halbuki bir gün cəmi 24 saatdır və sabaha qalan hər iş üçün təlaşa düşmək, stresə girmək lazımdır.
Tənbəl insanların keçmişini araşdırsanız, onun üçün hər işi görən, çalışıb çabalayan qoçaq bir ana görərsiniz.


